az

Birlik və bərabərlik ayında da gözdən əlil insanların yanındayıq

2016-07-05

Daima kimsəsizlərə, əlillərə, məcburi köçkünlərə, qayğıdan uzaq qalan uşaqlara, qocalara diqqət və qayğı göstərən “Mətanət A” şirkəti hər zaman olduğu kimi Müqəddəs Ramazan ayında da yardıma ehtiyacı olan insanların yanında oldu. Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində “Mətanət A” şirkəti Ramazan bayramı münasibəti ilə Abşeron rayonu ərazisində yaşayan “Gözdən Əlillər Cəmiyyəti”-nə üzv olan gözdən əlil insanlarla görüş keçirdi.

Görüş iştirakçılarını salamlayan şirkət nümayəndəsi, “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov adından “Gözdən Əlillər Cəmiyyəti”-nə üzv olan əlil insanları müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi. Daha sonra bayram süfrəsində iştirak edən gözdən əlil insanlar onlara olan dəstək və qayğıdan söz açaraq “Mətanət A” şirkətinin həyata keçirdiyi bu aksiyanın əsl vətəndaşlıq borcunun yerinə yetirilməsində layiqli bir nümunə olduğunu vurğuladılar. Hər bayramda olduğu kimi, müqəddəs Ramazan bayramında da onları yada saldığı üçün şirkət rəhbərliyinə təşəkkürlərini bildirən gözdən əlil insanlar bunun bir ənənə halı aldığını və şirkətin bu cür sosial fəaliyyətlərin təqdirə layiq hal olduğunu vurğuladılar.

Ramazan süfrəsi ətrafında toplaşan gözdən əlil insanlara nahardan sonra “Mətanət A” şirkəti tərəfindən ərzaq yardımı edildi. Sonda Abşeron rayonu “Gözdən Əlillər Cəmiyyəti”-nin sədri çıxış edərək “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirova və şirkət kollektivinə göstərdikləri diqqətə və qayğıya görə təşəkkür etdi və cəmiyyət adından “Mətanət A” şirkətinə Fəxri diplom təqdim etdi.

16 illik fəaliyyəti dövründə inşaat sektorunda istehsal etdiyi keyfiyyətli məhsullarla tanınan “Mətanət A” şirkəti öz sektorunda Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsində də hər zaman öndədir. Belə ki, şirkət ətraf mühitin qorunması, keyfiyyətli məhsulların istehsalı, eləcə də idman, mədəniyyət və təhsil sahəsinə daima dəstək verməklə sosial məsuliyyətə verdiyi önəmi sərgiləməkdədir. “Mətanət A” şirkəti daima xeyriyyəçilik missiyasını daha əzmlə davam etdirir, istehsal etdiyi ekoloji sağlam və keyfiyyətli məhsullarla öz müştərilərinin məmnuniyyətini düşünür.