
Möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirtdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın bütün sahələrində həm keyfiyyət, həm də kəmiyyətcə yüksək inkişaf prosesi gedir. İqtisadiyyatın mühüm qollarından biri də inşaat sektorudur. Müasir dövrün çağırışları və ölkəmizdəki inşaatın inkişaf meylləri inşaat materiallarının istehsalçıları qarşısında ciddi tələblər qoyur. Müasir qloballaşma şəraitində bütün sahələrdə olduğu kimi inşaat sektorunda da innovasiyaların tətbiqi geniş yayılmaqdadır. Bu istiqamətdə innovasiyaların tətbiqində iri şirkətlərin rolu böyükdür. Buna parlaq misal kimi “Matanat A” şirkətini göstərmək olar.
Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Matanat A” şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyaların tətbiqi sayəsində yüksək inkişaf səviyyəsinə çatmışdır. Şirkətin son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istehlakçıların rəğbətini qazanaraq şirkəti inşaat sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Şirkət inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001:2008 “Keyfiyyətin İdarə Olunması” beynəlxalq standartına layiq görülmüşdür. 2012-ci il avqustun 8-də İSO 14001:2004 “Ətraf mühitin idarə olunması” və daha sonra ISO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri” beynəlxalq standartına layiq görülmüşdür. Eyni zamanda, “Matanat A” şirkəti Avropa Keyfiyyət Təşkilatının dəstəyi ilə 2005-ci ildə Mərkəzi və Şərqi Avropa ölkələrinin VIII Beynəlxalq Keyfiyyət Turnirində ilk dəfə Azərbaycanı təmsil etmiş və xüsusi mükafatla təltif edilmişdir. Bundan əlavə, şirkət digər təşkilatların çoxsaylı beynəlxalq və milli keyfiyyət mükafatları ilə təltif olunmuşdur.
Nanotexnologiyaların tətbiqi istiqamətdə “Matanat A” şirkətinin təcrübəsi beynəlxalq tədris mərkəzlərində, inşaat sektorunun nümayəndələrinə öyrədilir və tətbiq edilir. Şirkət fəaliyyətini innovativ inşaat texnologiyaları yaratmaq və mövcud inşaat texnologiyalarını təkmilləşdirmək kimi iki istiqamət üzərində qurub. “Matanat A” şirkətində müasir inşaat texnologiya və innovasiyalarının tətbiqi 6 faktora əsaslanır:
Təhlükəsizlik - Enerjiyə qənaət - Ekoloji səmərəlilik – Cəlbedici dizayn və üslub- İqtisadi səmərəlilik - Davamlılıq. “Matanat A” şirkətinin biznes fəlsəfəsinin əsasında yeni inşaat texnologiyalarının yaradılması və mövcud texnologiyaların tətbiq səmərəliliyinin artırılması durur. Bu səbəbdəndir ki, şirkət Kəşf və İxtiraların Tədqiqi və Tətbiqi Akademiyasını (KİTTA) təsis etmişdir. Bu akademiyada inşaatın qlobal problemləri tədqiq edilir, yaşıl texnologiyalara əsaslanan yeni inşaat həlləri üzərində elmi-tədqiqat işləri həyata keçirilir və inşaatın müxtəlif parametrlər üzrə keyfiyyəti yüksəldən yeniliklər işlənib hazırlanılır. KİTTA daxilində yaradılmış ixtiralardan biri dünyanın 150-yə yaxın ölkəsində patentləşdirilmiş “FasNatural – təbii ağlay əsaslı fasad lövhələri və arxitektura elementləri” adlanan məhsuldur. “Matanat A” şirkətinin tərkibinə ən son innovasiya və texnologiyalara əsaslanan çoxsaylı zavodlar daxildir. Bu zavodlara 2000-ci ildə əsası qoyulmuş “Sement Əsaslı Yapışdırıcılar Zavodu”, 2002-ci ildə əsası qoyulmuş “AĞDAĞ” zavodu, 2008-ci ildə fəaliyyətə başlayan “Beton Qatqıları Zavodu”, 2014-cü ildə əsası qoyulmuş “ROKOL Boya Zavodu”, 2017-ci ildə fəaliyyətə başlamış, İsveçrənin qabaqcıl Maerz texnologiyası ilə təchiz edilmiş “AZERLİME Əhəng Zavodu”, 2020-ci ildə Gürcüstanda əsası qoyulmuş “Quru İnşaat Qarışıqları Zavodu”, 2021-ci ildə Grenzebach alman texnologiyası ilə qurulmuş “AĞDAĞ Natural Gipskarton Lövhələri Zavodu”, 2024-cü ildə tikintisi reallaşmış “AZWOOL Mineral Daş Yunu Zavodu”, 2024-cü ildə Özbəkistanın Qaşqadərya vilayətində təməli qoyulmuş “Gips və Gipskarton Məmulatları İstehsalı Zavodu” və s. istehsal müəssisələri daxildir. Bu gün Qarabağda sürətli və müasir tələblərə uyğun tikinti, quruculuq və infrastruktur işləri uğurla davam edir Bu quruculuq işlərində “Matanat A” şirkəti həm Qarabağda yeni istehsal müəssisələrinin yaradılması istiqamətində, həm də innovativ, ekoloji sağlam inşaat materialları ilə bu prosesdə aktiv iştirak edir. Hal-hazırda şirkət 4 sistem, 27 məhsul qrupu üzrə 200-dən çox ticarət markasına və 3000-ə yaxın məhsul çeşidinə malikdir. Bu çoxsaylı məhsul çeşidləri sadəcə say çoxluğu deyil, hər biri inşaatda böyük bir problemin həlli deməkdir. 25 ildir uğurla fəaliyyət göstərən şirkət qloballaşaraq “MATANAT” ticarət markası adı altında istehsal etdiyi məhsullarını Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac edir. Bu bir daha sübut edir ki, bu gün milli şirkətlərimiz müasir biznes təcrübəsinə və iş prinsiplərinə görə heç də dünyanın qabaqcıl korporasiyalarından geri qalmır. Bu gün “Matanat A” şirkəti 25 il öncə başladığı eyni məqsəd, məsuliyyət və vahid amalla Azərbaycan iqtisadiyyatına töhfə vermək üçün sistemli fəaliyyətinə davam etməkdədir.