az

25 aprel "Sahibkarlar Günü"-dür

2016-04-25

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, aprelin 25-i ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd edilir. Bununla bağlı, aprelin 25-də İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının nümayəndələri, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox sahibkar iştirak etmişdir.

Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilmiş, abidəsi önünə çiçək dəstələri düzülmüşdür. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmiş, “Əbədi Məşəl” kompleksinə əklil qoymuşlar.

"Mətanət A" şirkətinin prezidenti Elxan Bəşirov da konfransda çıxış etmiş, bütün sahibkarları bu gün münasibətilə təbrik etmiş, Azərbaycan iqtisadiyyatının daha da gücləndirilməsi üçün "Mətanət A" şirkətlər qrupunun gördüyü işlərdən, cənab prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində həyata keçiriləcək perspektiv layihələrdən söz açmışdır.