az

AZMİU-da “Mətanət A” şirkətinin təşkilatçılığı ilə elmi-praktiki seminar keçirilib

2016-04-11

Müasir dövrdə təmir və tikinti sektorunun və inşaat infrastrukturunun sürətlə inkişafı və təkmilləşməsi bu sahədə yeni-yeni nailiyyətlərin əldə edilməsi ilə nəticələnmişdir. Ölkəmizdə yeni-yeni memarlıq nümunələrinin yaranması, ən son inşaat texnologiyalarının ölkəmizə gətirilməsi və digər proseslər bu sahəyə diqqəti daha da artırmış, bu sektorunda insanların qarşılaşdığı problemlər tamamilə aradan qaldırılmışdır. İlin dörd fəslində də çoxlarının qarşılaşdığı əsas problemlər termo və hidroizolyasiyadır. “Mətanət A” şirkəti daima insanların təmir-tikintidə qarşılaşdığı problemləri araşdırmış və bu problemlərin aradan qaldırılması üçün praktiki və rahat həll yolları təklif etmişdir. Şirkət bu gün də aktual olan istilik və su izolyasiya problemlərinin həlli istiqamətində daima maarifləndirmə işi aparmış və insanların bu problemlərdən birdəfəlik qurtulması üçün innovativ inşaat materialları istehsal edərək ictimaiyyətə təqdim etmişdir.

Bu gün “Mətanət A” şirkətinin təşkilatçılığı ilə qeyd olunan problemlər barədə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Müasir İnşaatda İzolyasiya problemləri və onun həlli yolları” mövzusunda elmi praktiki seminar keçirildi. Elmi praktiki seminarın əsas iştirakçıları müəllimlər, tələbələr, memarlar, mühəndislər, inşaat şirkətlərinin nümayəndələri oldu.

Seminar termo və hidroizolyasiya problemlərinin həllinin elmi nəzəri əsaslarını müzakirə etmək, problemin kökündən həlli yolunu göstərmək məqsədi daşıyırdı. Giriş nitqi ilə elmi-praktiki seminarı professor Arif Şərifov açıq elan etdi. O, istilik və su izolyasiya probleminin aktuallığından və bu problemin həlli istiqamətində görülən işlərdən danışdı. Daha sonra çıxış edən “Mətanət A” şirkətlər qrupunun vitse-prezidenti Fuad Bəşirov “İzolyasiya: Müasir dövrün əsas aktual inşaat problemi” adlı çıxışında ümumilikdə izolyasiya anlayışından, inşaat sektorunda istilik və su izolyasiyasının faydalarından, önəmindən və iqtisadi səmərliliyindən bəhs etdi. Konfransda “Mətanət A” şirkətinin mütəxəssisləri ilə yanaşı Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorları (AzMİU-nun “İnşaat materialları” kafedrasının müdiri, prof.İradə Şirinzadə və AzMİU-nun İnşaat Texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva) da mühazirələrlə çıxış etdilər. Onlar günümüzdə tikinti sektorunda diqqət olunmalı ən vacib məqamlardan birinin termo və hidroizolyasiya olduğunu qeyd edərək “Mətanət A” şirkətinin istehsal etdiyi məhsulların problemin uğurlu həlli olduğunu vurğuladılar.

“Mətanət A” şirkətinin texnoloqları qeyd olunan bütün problemlərin həlli istiqamətində şirkətin istehsal etdiyi termo və hidroizolyasiya materialları barədə ətraflı məlumat verdilər. Konfransda fasadda ağlay daşını əvəz edən istilik, su və səs izolyasiyalı FasNatural, istilik və səs izolyasiyasını həyata keçirən Penofas sistemi, müxtəlif su hövzələrinin izolyasiyasında istifadə olunan İzolatexe, İzolatexe eko, İzolatexe UV, zirzəmilərdə əks tərəfdən gələn suyun qarışısını alan İzokrist, kanalizasiyalarda yaranan su sızıntılarının qarşısını İzokontakt, fərdi evlərin, yaşayış binalarının bünövrələrinin hidroizolyasiya olunması üçün istifadə olunan İzobitex, fasadlarda hidroizolyasiya yaradan ROKOL Sutut boya və sair məhsulların qeyd olunan problemlərinin çox uğurlu həlli yolu olduğu vurğulandı.

Sonda bütün inşaatçılar 10 aprel-İnşaatçı Günü münasibətilə təbrik edildi.

Yarandığı gündən daim nou-hauların, innovativ smart texnologiyaların tətbiqi ilə istehlakçıların diqqətini öz üzərinə çəkən “Mətanət A” şirkəti tikinti sektoruna təqdim etdiyi yeni məhsullarla hər zaman öz tövhəsini vermişdir. “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır. Respublikamızda aparılmış məqsədyönlü iqtisadi siyasətin, sahibkarlığa olan dövlət dəstəyinin nəticəsi kimi bu gün şirkət istehsal həcmini daha da artırmış və qloballaşaraq Rusiya, Gürcüstan, Ukrayna, Türkmənistan, Qazaxıstan, Türkiyə, İran kimi ölkələrə Azərbaycan Malı adı altında məhsul ixrac edərək milli iqtisadiyyatımızı xarici bazarlarda da uğurla təmsil etməkdədir.