az

Prezident İlham Əliyev yeni Ağdağ gips zavodunun rəsmi açılış mərasimində iştirak etdi

2016-01-31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Bakının Qaradağ rayonunda “Mətanət A” şirkətinin Yeni AĞDAĞ Gips Zavodunun açılışı mərasimində iştirak edib.

Yeni tikilən zavodda cənab prezidenti İqtisadiyyat naziri Şahin Mustafayev və “Mətanət A” şirkətlər qurupunun rəhbəri Elxan Bəşirov qarşıladı. Əvvəlcə dövlətimizin başçısına İqtisadiyyat naziri Şahin Mustafayev İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakıətrafı qəsəbələr üzrə ödənilən güzəştli kreditlər barədə geniş məlumat verdi.

Daha sonra “Mətanət A” şirkətlər qrupunun rəhbəri Elxan Bəşirov şirkət barədə məlumat verdi. Elxan Bəşirov bildirdi ki, bu şirkətin tərkibinə 5 zavod - Quru İnşaat Qarışıqları zavodu, Boya zavodu , Beton Qatqıları zavodu, Gips Hörgü Bloku zavodu və Ağdağ Gips zavodu - daxildir.

“Mətanət A” şirkətlər qurupu haqqında ümumi məlumatdan sonar Prezident İlham Əliyevə şirkətin perspektiv layihələri barədə məlumat verildi. Şirkət tərəfindən 4 zavodun - Qaradağda Gips Karton və Mineral Yun zavodu, Qazaxda Əhəng və Balaxanıda Zənginləşdirilmiş Kvars Qumu zavodlarının tikilməsi nəzərdə tutulur. Yeni zavodların işə başlaması Lerik, Abşeron, Qaradağ, Qobustan, Daşkəsən, Goranboy və Qazax rayonlarında yardımçı istehsal sahələrinin də yaradılmasına imkan verəcək.

Prezident İlham Əliyev Yeni AĞDAĞ Zavodunun maketinə və istehsal prosesi haqqında videoya baxdı. Yeni AĞDAĞ Gips Zavodu 4,4 hektar sahədə yaradılıb. Burada gips əsaslı tikinti materialları istehsal ediləcək. Müəssisədə yüksək keyfiyyətli məhsul əldə etmək üçün bütün şərait yaradılıb. Yeni AĞDAĞ Gips Zavodunda Almaniyanın “Boemer”, “Saake”, “Haver and Boecker”, İsveçrənin “Atlas Copco”, ABŞ-ın “ABB” , “Caterpillar”, Azərbaycanın “STP”, Türkiyənin “Erishim” şirkətlərində istehsal olunan avadanlıqlar quraşdırılmışdır. Zavodda müasir və qabaqcıl texnologiyaların tətbiqi məhsulun maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətin əldə edilməsinə və idxalın əvəz olunmasına imkan yaradır. Zavodun Goranboyda gips və Daşkəsəndə kalsid karxanaları var.

Dövlətimizin başçısı Yeni AĞDAĞ Gips Zavodunda istehsal ediləcək məhsullara baxdı. Bu məhsullar müasir standartlarına cavab verməklə yanaşı, həm də Azərbaycan brendi kimi ölkəmizin iqtisadi potensialını dünyaya nümayiş etdirəcək. Müəssisədə quraşdırılan müasir avadanlıq hesabına məhsullar yüksək keyfiyyəti ilə seçiləcək. Zavodda əsasən yerli xammaldan istifadə olunacaq. Hazırlanan məhsulların daxili tələbatın ödənilməsi ilə yanaşı, 50 faizinin Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran və Ukraynaya ixrac olunması nəzərdə tutulur.

Daha sonra Prezident İlham Əliyev “Mətanət A” şirkətlər qurupunun digər zavodlarında istehsal edilən məhsullarla da tanış oldu. Bildirildi ki, şirkətin zavodlarında 1000-dən artıq çeşiddə məhsul buraxılır. Bu məhsullar satışa 200-dən artıq ticarət markası ilə çıxarılır. Şirkət bir neçə patentləşdirilmiş ixtiranın müəllifidir. 2000-ci ildə yaradılan bu şirkət fəaliyyətində “daha aşağı qiymətə, daha keyfiyyətli məhsul əldə etmək” devizini əsas meyar seçib. Şirkət məhsullarını İran və MDB ölkələrinə ixrac edir. Zavodlarda nano və smart texnologiyalar tətbiq edilir ki, bu da məhsulun yüksək keyfiyyətli olmasında mühüm rol oynayır. Ekoloji təmizliyi ilə də seçilən məhsullar arasında dünyanın 150 ölkələrində patentləşdirilmiş fasadda ağlay daşını yaradan quru qarışıq - FasNatural məhsulu da var. Su hopmayan bu məhsulun özəlliyi fasadın yükünü 11 dəfəyədək azaltması və şaxtaya tam davamlı olmasıdır.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Yeni AĞDAĞ Gips Zavodunu işə saldı. Bundan sonra Dövlətimizin başçısı zavodun fəaliyyəti ilə tanış oldu. Məlumat verildi ki, burada gips əsaslı suvaq, astar və üzlük yaxı materialları, inşaat və dekorativ məmulatların hazırlanması üçün gips, aralıq doldurucuları, gips blok yapışdırıcıları, gips hörgü blokları və digər məhsullar istehsal olunacaq. Müəssisənin istehsal prosesində ekoloji təmiz məhsul əldə etməyə və enerjiyə qənaətə xüsusi diqqət yetirilir. Bu isə öz növbəsində məhsulun maya dəyərini aşağı salır. Nəticədə istehlakçılara daha münasib qiymətlərlə onların təlabatına uyğun yüksək keyfiyyətli gips əsaslı məhsullar təqdim ediləcək. Bunun sayəsində ölkəmizin ixrac potensialının daha da artırılması mümkün olacaq. Zavod dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqları əsasında qurulub.

Zavodla tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı. Sonda xatirə şəkli çəkdirildi.