az

“Mətanət A” şirkəti yeni il bayramında uşaqları sevindirdi

2016-01-05

2000-ci ildən inşaat sektorunda bir çox uğurları ilə yadda qalmış “Mətanət A” şirkəti daima sosial məsuliyyət layihələrinə önəm vermiş, cəmiyyətimizin imkansız, əlil və kimsəsiz təbəqəsinə xüsusi diqqət və qayğı göstərmişdir. Şirkətin Korporativ Sosial Məsuliyyəti təkcə bu sferada yox, həm ekologiyanın qorunması, həm resurslardan səmərəli istifadə, həm də keyfiyyətli məhsul istehsalında özünü göstərir.

Hər zaman müxtəlif bayramlarda cəmiyyətimizin kimsəsiz və aztəminatlı ailələrinin yanında olan “Mətanət A” şirkəti xalqımızın milli birlik günü sayılan 31 dekabr Həmrəylik Günü və Yeni il bayramında Abşeron və Qaradağ rayonunda yaşayan aztəminatlı uşaqları bir yerə toplayaraq bayram şənliyi keçirdi. Gənc Tamaşaçılar teatrında təşkil olunan Yeni il şənliyinə gətirilən uşaqları burada Şaxta baba və Qarqız qarşıladı, onlarla müxtəlif əyləncəli oyunlar oynadı, yarışlar keçirdi. Aztəminatlı və qaçqın ailələrin uşaqları bayram sevincini “Mətanət A” şirkəti ilə birlikdə yaşadı.

Bayram şənliyində çıxış edən şirkət nümayəndələri bu gün ölkəmizdə gedən nəzərə çarpan iqtisadi inkişafdan, sosial sahədə həyata keçirilən dövlət siyasətinin bir hissəsi kimi aztəminatlı və kimsəsiz uşaqlara göstərilən yüksək dəstək və qayğıdan söz açdı və “Mətanət A” şirkətinin bu sahədə həyata keçirdiyi aksiyaların əsl vətəndaşlıq borcunun yerinə yetirilməsində layiqli bir nümunə olduğu vurğulandı.

Daha sonra tədbir uşaqların teatr tamaşasına baxması ilə davam etdirildi. Şənlik boyunca əylənən uşaqlara sonda Yeni il bayramı ilə əlaqədar hədiyyə bağlamaları verildi.

Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində hər zaman cəmiyyətin aztəminatlı, qaçqın və məcburi köçkün, əlil və şəhid ailələrinə yardım etməklə öz korporativ vətəndaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu işləri daha əzmlə davam etdirəcəkdir.

Qeyd edək ki, “Mətanət A” şirkəti 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Şirkət “Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir.