az

"Mətanət A" şirkətində 20 yanvar faciəsi qurbanları anıldı

2011-01-20

20 Yanvar faciəsindən 21 il ötür. Bu hadisə Azərbaycan xalqının təkcə faciəsi yox, həm də tarixinin ən şərəfli səhifələrindən biri, ictimai-siyasi təfəkküründə yaranmış böyük dəyişiklik günü, milli azadlıq hərəkatının yüksəliş zirvəsi idi.

Hər il olduğu kimi bu il də 20 Yanvar faciəsi qurbanları dünyanın dörd bir yanında anılır və böyük ehtiramla yad edilir. Belə anım tədbirlərindən biri də “Mətanət A” şirkətində keçirildi. Tədbirdə ilk öncə 20 Yanvar faciəsində canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbiri giriş sözü ilə açan şirkətin rəhbəri Elxan Bəşirov 20 Yanvar faciəsinin baş verməsi səbəblərindən, faciəyə verilən hüquqi və siyasi qiymətdən danışdı. Bildirildi ki, bu gün xalqımız üçün faciə olması ilə yanaşı həmdə qürur və iftixar günüdür. Tədbirdə çıxış edənlər bildirdilər ki, yüzlərlə fədakar insanın silahlı rus ordusuna qarşı amansız müqaviməti, onların tökülən qanları heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Zaman keçdikcə, bu hadisənin üzərindən daha çox illər ötdükcə 20 Yanvar faciəsi xalqımızı daha mübariz və əzmkar olmağa vadar edəcəkdir. Tədbir, şirkət kollektivinin 20 Yanvar Şəhidlərinin əziz xatirəsinə ucaldılmış memorial abidənin ziyarəti ilə davam etdi.