az

"Yerin təki haqqında" qanun layihəsinin ictimai dinləməsi keçirilib

2023-06-06

AR Prezidentinin  2021-ci il 13 iyul 1394 nömrəli Fərmanının 8.1-ci bəndi ilə Nazirlər Kabinetinə beynəlxalq təcrübələr nəzərə alınmaqla, “Yerin təki haqqında” yeni qanun layihəsinin hazırlanması tapşırılıb. Buna uyğun olaraq, 26 mayda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanun layihəsinin ictimai dinləməsi və müzakirələr təşkil olunub. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidov, əməkdaşlar Nərgiz Rəhimli, Elnur Həsənli, Ədliyyə Nazirliyinin təmsilçisi Aytən Məmmədova, KOBİA-nın şöbə müdiri Eldəniz Əmirovun, ölkənin aparıcı şirkətlərinin nümayəndələrinin, mütəxəssis və ekspertlərin iştirak etdiyi tədbirdə bir sıra önəmli rəy, irad və təkliflər irəli sürülüb. Əsas təkliflər mövcud yataqların istifadə müddətində dəyişikliklərin olmasına, lisenziyaların verilməsinə, faydalı qazıntıların mövcud olduğu ərazilərin təyinatı üzrə istifadə edilməsinə, təhlükəsizlik qaydalarına, tətbiq olunan cərimələrə, bəzi strukturlar tərəfindən sahibkarların işinə qanunsuz müdaxilələrə  dair olub.

Azərbaycan Tikinti Materialları İstehsalşıları Assosiasiyasının üzvü “Avanqard N” MMC-nin baş hüquqşünası Səfa Nərimanovanın təklifi maraqla qarşılanıb. “Ağdağ” zavodunu təmsil edən mütəxəssis Türkiyə təcrübəsini vurğulayıb: “Qardaş ölkədə müvafiq qanunun şərtləri bizim qanunvericilikdə olduğundan dəfələrlə yumşaqdır. Belə ki, Türkiyənin “Mədən Qanunu”nun 2-ci maddəsinə əsasən, mədənlərə “Dağ-mədən ayırma” aktının verilməsi qaydaları növə görə fərqlənir. Mədənlər növünə görə 6 qrupa bölünür və qanunun 16-ci maddəsinə əsasən, 2-ci qrupun b bəndinə aid olan bazalt, mərmər, travertin, qranit mədənləri və 4-cu qrupa aid gips, kaolin, perlit, kvarsit, kvars qumu üçün hərrac keçirilmədən dağ-mədən ayırma aktı verilir. Özbəkistanda da “Dağ-mədən ayırması” statusu investisiyaya görə hərrac keçirilmədən birbaşa verilir. Cənab Prezident xarici ölkələrin müsbət təcrübələrinin Azərbaycana gətirilməsinin önəmini çıxışlarında həmişə vurğulayır. Respublikamızda saysız bazalt, dolomit, perlit, kalsit, əhəng yataqları vardır. Qeyri-neft sektorunun inkişafını təmin etmək məqsədilə ölkəmizdə ”Yerin təki haqqında” qanuna uyğun dəyişiklik edilməsi, 2-ci və 4-cu qrupda qeyd olunan mədənlərə hərrac keçirilmədən “Dağ-mədən ayırması” aktı verilməsi Azərbaycanda iqtisadiyyatın daha da güclənməsinə mühüm töhfələr verər”.

Azərbaycan Tikinti Materialları İstehsalşıları Assosiasiyasının üzvü “Mətanət A” Şirkətlər Qrupunun dağ-mədən mühəndisi Cəsarət Şirəliyev diqqəti geoloji - kəşfiyyat işlərinin aparılmasına və uyğun lisenziyanın verilməsinə, habelə yataqların hərraca çıxarılmasına çəkib: ”Sahibkar yataqda öz vəsaiti hesabına geoloji işlər aparıbsa, sonrakı mərhələdə ona istismar lisenziyası birbaşa, yaxud hərrac yolu ilə veriləcək? Fikrimcə, birinci hal ona görə tətbiq edilir ki, mədənlərdə daşıma,  habelə eksport xərcləri çox böyüməsin və sahibkar üçün baha başa gəlməsin, daha rahat işləsin. Hərraca gəldikdə isə, doğrudur, biz gömrük rusumundan azadıq, ancaq hərrac prosesi elə xammallara şamil edilir ki, bu, sahibkar üçün çox böyük maliyyə vəsaiti deməkdir. Məsələn, örnək verim: Azərbaycan şirkəti ilə Türkiyə şirkəti analoji tikinti materialını Rusiyaya ixrac edirsə, orada sağlam rəqabət olmayacaq. Çünki Türkiyədə sahibkarın bu baxımdan çəkdiyi xərclər daha azdır”. Agentliyin sektor müdiri Anar Alməmmədov layihədə yeni yataqların hərrac yolu ilə, artıq istifadə olunmuş yataqların isə müqavilə əsasında istismara veriləcəyini qeyd edib.   

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının Baş katibi Şahanə Sarı hazırda ölkə üzrə 800-ə yaxın mədənin istifadəsiz qalmasını vurğulayıb: “Bu fakt həm də xeyli iş yerinin azalması deməkdir və həmin bölgələrdəki insanlar üçün problem yaradır. ATMİA olaraq, bu məsələ ilə bağlı dağ-mədən sahəsində fəaliyyət göstərən sahibkarlardan şikayətlər alırıq. Təklif edirik ki, yeni qanunvericilik qüvvəyə minənədək, sözügedən yataqların istismara verilməsini təmin edəsiniz”. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təmsilçisi yol verilən ciddi qanun pozuntuları, vergidən, məsuliyyətdən yayınmalar və digər belə hallar istisna olmaqla, yeni qanun layihəsində sahibkarlar üçün bir sıra güzəştlərin nəzərə tutulduğunu bildirib. Habelə ictimai müzakirələrə yenidən zərurət yarandığı təqdirdə, növbəti iclasların təyin ediləcəyi də iştirakçıların diqqətinə çatdırılıb.