“Mətanət A” Şirkətlər Qrupunda Ümümmilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Mayın 8-də Azərbaycan xalqının böyük oğlu, tarixi şəxsiyyət, müasir Azərbaycanın qurucusu ümümmilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Mətanət A” Şirkətlər Qrupunda tədbir keçirilib.
Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Ulu öndərin həyatı və siyasi fəaliyyətini əks etdirən video çarx tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə çıxış edən “Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, Texnika elmləri üzrə fəlsəfə doktoru Elxan Bəşirov ümummilli liderin Azərbaycan dövlətinin və xalqının həyatındakı əvəzolunmaz fəaliyyətindən söz açaraq, Heydər Əliyev hər zaman dövlət və xalqın maraqlarını hər şeydən üstün tutduğunu qeyd etdi.
“Ulu öndərin mütəmadi xalqın içində olması, cəmiyyətin fərqli təbəqələrindən olan insanlarla bir araya gəlməsi onun Azərbaycan xalqına olan sevgisinin göstəricisidir. Ötən əsrin 90-cı illərində Azərbaycan iqtisadiyyatı aşağı səviyyədə idi. Azərbaycanı bu ağır vəziyyətdən qurtaran isə 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev oldu. Heydər Əliyev fəaliyyətə başladığı dövrdə hər zaman ölkənin müqəddəratı üçün iqtisadiyyatın önəmli olduğunu bildirirdi. Ulu Öndər ölkənin taleyini həll edəcək bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə də köklü dəyişikliklərin aparılması üçün böyük zəmin yaratdı. Məhz Heydər Əliyevin bu səyləri nəticəsində makroiqtisadi sabitlik yaranmağa başladı. Həmin dövrdə artıq Azərbaycanın bazar iqtisadiyyatı yolunda prinsipial addımlar atmasının şahidi olurduq. 1991-1994-cü illərdə infliasiyasiyanın böyük sürətlə artığı bir dövrdə Ulu Öndər tərəfindən hiper infliasiyanın aradan qaldırılması üçün aparılan iqtisadi islahatlar nəticəsində 1995-ci ildən sonra infliasiyanın bir rəqqəmli həddə saxlanılmasına nail olundu. Məhz Heydər Əliyevin böyüklüyü sayəsində yenidən müstəqilliyini əldə etmiş ölkəmiz, dünya sivilizasiyasının inkişaf proqramından və təcrübəsindən istifadə edilərək, milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, milli mentalitetə və bütün parametrlərə uyğun yeni layihələr və dövlət proqramının hazırlanmasına başlanıldı. Ümummilli lider Heydər Əliyev ölkəmizin sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla və onun tərəqqisi ilə əlaqələndirirdi. Bu sahədə əldə olunan inkişaf, möhkəm təməl Ulu öndər Heydər Əliyevin əzmkarlığı ilə qoyulmuşdur. Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm olaraq maraqlanırdı, onlarla mütəmadi görüşlər keçirir və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırırdı. Çox sevindirici haldır ki, bu gün Ulu Öndərin layiqli davamçısı, ölkə başçısı, cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına verilən böyük dəstəyin göstəricisidir. Əgər bu gün Azərbaycan istehsalçıları öz məhsullarını ölkə hüdudlarından kənara ixrac edə bilirlərsə, bu Ulu Öndər tərəfindən ölkənin iqtisadi siyasətinin təməlinin möhkəm qoyulmasının bariz göstəricisidir. Bütün çətinliklərə və təzyiqlərə baxmayaraq Azərbaycanı canından çox sevən Heydər Əliyev bu gün müasir Azərbaycan bayrağınınn dünyanın aparıcı dövlətləri ilə bir cərgədə dalğalanmasının müəllifidir. Heç təsadüfi deyil ki, dahi şəxsiyyətin davamçısı olaraq, apardığı uğurlu siyasətin nəticəsində cənab Prezident İlham Əliyevin komandanlığı ilə 30 illik həsrətdən sonra 44 gün davam edən vətən müharibəsində zəfər əldə edərək Qarabağa qovuşduq. Bu gün Azərbaycan dünyada öz sözünü deyən, qalib ölkə kimi tanınır ” deyə Elxan Bəşirov bildirdi.
Tədbirdə iştirak edən AMEA-nın həqiqi üzvü, Akademik Ziyad Səmədzadə çıxış edərək bildirdi ki, məhz Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Z.Səmədzadə qeyd edib ki, müstəqil Azərbaycanın yaşamasını, inkişaf etməsini, uğurlarını, dövlətin müstəqilliyini bizə ulu öndər Heydər Əliyev bəxş edib: "Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, onun haqqında aylarla-illərlə danışmaq olar. Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının həyata keçməsi nəticəsində yüksək sürətlə inkişaf edir. Buna görə də Heydər Əliyev əbədi yaşar bir liderdir. Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev də yaşayacaq".
Daha sonra “Mətanət A” Şirkətlər Qrupunun Satış və Strateji Planlama üzrə Vitse-Prezidenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fuad Bəşirov çıxış edərək: “Ulu öndərin misilsiz fəaliyyətinə nəzər saldıqda hətta müstəqillik dövründən əvvəl respublikaya rəhbərlik etdiyi zamanlarda bütün sahələrin çiçəkləndiyinin və iqtisadiyyatın bütün sahələrində dinamika tempinin artmasının şahidi oluruq. Ulu Öndərin Sovet dövründə əsas strateji hədəflərindən biri də insan kapitalının formalaşdırılması və yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsindən ibarət idi. Həmin dövrdə Heydər Əliyevin tapşırığı ilə 170 ali məktəbə 15 minə yaxın azərbaycanlı göndərilərək onların mütəxəssis kimi formalaşdırılmasına, yeni ixtisaslara və yeni elmlərə sahiblənmələri üçün şərait yaradılmışdır. Bu gün Azərbaycanın istənilən sahədə yüksək ixtisaslı kadrlarının olması məhz Ümummilli liderin uzaqgörənliyinin və dərin zəkasının nəticəsidir. Nəzərə alsaq ki, hazırda Şərqi Avropanın enerji xəritəsini Azərbaycan müəyyən edir, bu uğur Ulu Öndərin strategiyasının möhtərəm Prezitentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Böyük liderlər xalqın sərvətidir. Bu isə ölkələrin coğrafiyası, mənsub olduğu təbii sərvətlərlə, əhalisinin sayı ilə ölçülmür. Heydər Əliyev Azərbaycan xalqının əbədi lideridir. Bu gün əbədi liderimizin 100 illiyidir, onun əziz xatirəsi dünya azərbaycanlılarının qəlbində əbədi yaşayacaq və növbəti yüzilliklərdə dəyər bilən Azərbaycan xalqı bizə əbədi müstəqillik bəxş edən tarixi şəxsiyyəti unutmayacaq” deyə çıxışında bildirdi.