az

“MƏTANƏT A” ŞİRKƏTİNİN KOLLEKTİVİ XOCALI QURBANLARININ ƏZİZ XATİRƏSİNİ YAD ETDİ

2019-02-26

Xalqımızın yaddaşından heç vaxt silinməyən erməni vandalizmi nəticəsində törədilmiş Xocalı soyqırımından 27 il ötür. Hər il yüz minlərlə insan bütün dünyanı dəhşətə gətirən bu faciə qurbanlarının xatirəsini yad etmək üçün paytaxtımızda ucaldılmış Xocalı abidəsini ziyarət edir, o dəhşətli gecədə həyatını itirmiş yüzlərlə günahsız insanın  ruhlarına dualar oxuyur. “Mətanət A” şirkətinin rəhbərliyi və kollektivi bu il də Xocalı abidəsini ziyarət edərək soyqırım qurbanlarının başlarına gətirilən görünməmiş qəddarlıqlarla bağlı hiddət və üzüntülərini ifadə edib, abidənin önünə əklil və gül dəstələri düzüblər.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndindəki 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum ediblər. Hücumdan əvvəl, fevralın 25-i axşam saatlarından  şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulub. Belə bir vəziyyətdə, erməni mühasirəsində  qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olub. Ancaq bu niyyət baş tutmayıb. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutublar. Qırğınlar nəticəsində 613 nəfər həlak olub, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.

Allah şəhidlərimizə rəhmət eləsin!