15 illik fəaliyyəti dövründə inşaat sektorunda istehsal etdiyi keyfiyyətli məhsullarla tanınan “Mətanət A” şirkəti öz sektorunda Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsində də hər zaman öndədir. Belə ki, şirkət ətraf mühitin qorunması, keyfiyyətli məhsulların istehsalı, eləcə də idman, mədəniyyət və təhsil sahəsinə daima dəstək verməklə sosial məsuliyyətə verdiyi önəmi sərgiləməkdədir.
“Mətanət A” şirkəti daimi olaraq Qarabağ müharibəsi iştirakçılarına, məcburi köçkünlərə, kimsəsiz və xəstə uşaqlara, yaşlılara, əlillərə yardım edir, onların qayğılarının aradan qaldırılmasına xüsusi diqqət yetirir. Ramazan Bayramında da öz ənənəsinə sadiq qalan “Mətanət A” şirkəti şəhid ailələri, qocalar, kimsəsiz və əlil insanlarla bayram süfrəsi ətrafında bir araya gəldi. Tədbirdə Abşeron rayonundan olan ahıl, kimsəsiz, əlil və aztəminatlı ailələrin nümayəndələri ilə yanaşı şəhid ailələri və Qarabağ qaziləri də iştirak edirdi. Tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edən şirkət nümayəndələri onlara şirkət adından ərzaq yardımları payladı.
Bayram süfrəsində iştirak edən şəhid ailə üzvləri onlara olan dəstək və qayğıdan söz açaraq “Mətanət A” şirkətinin həyata keçirdiyi bu aksiyanın əsl vətəndaşlıq borcunun yerinə yetirilməsində layiqli bir nümunə olduğunu vurğuladılar. Hər bayramda olduğu kimi, müqəddəs Ramazan bayramında da onları yada saldığı üçün şirkət rəhbərliyinə təşəkkürlərini bildirən ahıllar bunun bir ənənə halı aldığını və şirkətin bu cür sosial fəaliyyətlərin təqdirə layiq hal olduğunu söylədilər.
Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində hər zaman cəmiyyətin aztəminatlı, əlil, şəhid ailələrinə yardım etməklə öz korporativ vətəndaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu işləri daha əzmlə davam etdirəcəkdir.
Qeyd edək ki, “Mətanət A” şirkəti 3 sistemdə, 22 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. “Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir.