az

"Mətanət A" şirkətində ulu öndərin anım günü qeyd olundu

2010-12-12

Ümummilli liderin hakimiyyətə gəlməsi müstəqil Azərbaycanın müəmmalı gələcək tarixinə aydınlıq gətirən parlaq bir günəşin doğması idi və bu, ölkədə milli dövlətçilik təfəkkürünün çiçəklənməsinin, Azərbaycanın intibahına yol açacaq yeni tarixi mərhələnin əhəmiyyətli hadisəsi idi.

Bu gün müstəqil bir dövlət kimi günü-gündən qüdrətlənən, beynəlxalq aləmdə özünə layiqli yer tutan müasir Azərbaycanın banisi, dünya azərbaycanlılarına azərbaycanlılıq fəxarətini dərk etdirən Heydər Əliyevin vəfatından 7 il ötür. Azərbaycanı sülh, sabitlik, milli-dini tolerantlıq məkanına, fərqli mədəniyyətlərin dialoq meydanına çevirmiş dahi şəxsiyyət hər il olduğu kimi bu il də 12 dekabr günü dünyanın dörd bir yanında anılır və böyük ehtiramla yad edilir. Belə anım tədbirlərindən biri də “Mətanət A” şirkətində keçirildi. Tədbiri giriş sozü ilə açan şirkətin rəhbəri Elxan Bəşirov xalqımızın dahi oğlu, müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən danışdı. Müasir Azərbaycanın sosial-iqtisadi, mədəni həyatında baş verən ən mühüm hadisələrin məhz ümummilli lider Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğuladı. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl bir dövlətçilik ideologiyası barəsində geniş nitq söylədi.

Tədbirin digər iştirakçıları da ulu öndər və onun qurub yaratdığı hüquqi dövlət və vətəndaş cəmiyyətindən, heç vaxt yaddaşlarından silinməyəcək fəaliyyətindən, xalqımız üçün gördüyü işlərdən danışdı. Tədbirin yekununda şirkət kollektivi ümummilli liderin fəxri xiyabandakı məzarını ziyarət etdi.