Bütün müsəlman dünyasının böyük səbirsizliklə gözlədiyi, İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları sülh, əmin-amanlıq və bərabərlik yoluna dəvət edir, mənəvi-əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir. Xalqımız həmişə milli, mənəvi və islami dəyərlərə sadiqliyi ilə seçilmiş, Azərbaycan İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olmuşdur.
Sovet hakimiyyəti illərində Azərbaycanda İslamın təbliğinə qadağa qoyulsada, xalqımız bu müqəddəs dəyərlərin qorunmasında heç bir məhdudiyyətlərə məhəl qoymayaraq, böyük əzm və iradə göstərmişdir. Müstəqillik qazandıqdan sonra isə bu dəyərlərin təbliğində, insanların Allah və din qarşısında vicdani borcunu ləyaqətlə yetirməsində artıq heç bir qadağa yox idi. Neçə illərdir xalqımız bu ayda ilahi, imani sevgisini azad formada dilə gətirir, ibadətlərni edir.