Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə «Mətanət A» şirkətinin kollektivi ulu öndərin fəxri xiyabandakı məzarını ziyarət etmiş, ümummilli liderin məzarı üzərinə əklil qoymuşdur. Şirkət nümayəndələri milli dövlətçilik və müstəqilliyimizin banisi, ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan xalqının bəslədiyi hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əymiş, məzarı üzərinə tər çiçəklər düzmüşlər.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin vəfatından sonra görkəmli şəxsiyyətin məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilmişdir. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıdan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.
Müasir Azərbaycan tarixində baş vermiş ən böyük uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasətçi və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.
Heydər Əliyev milli varlığımızı, tariximizi bütövləşdirmiş, yaxın və uzaq gələcəkdə uğur qazanmağın, Azərbaycanı inkişaf etdirməyin aydın yollarını göstərmiş, ən dəqiq taktika və strategiyanı müəyyən etmişdir. Heydər Əliyev ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirməyin əsaslarını yaratmış bir şəxsiyyətdir. O, Azərbaycan mühitində xalqın, millətin tərəqqisində tarixi, milli mədəni köklərə bağlılıq, qarşılıqlı anlaşma, milli birlik, yaradıcı münasibət, çağdaşlıq və dünyanı dərk edərək yaşamaq, qanunçuluğa və demokratik dəyərlərə hörmət və digər təməl meyarları reallaşdırmağın mümkünlüyü haqqında düşüncə sistemi yaratmışdır. Bu sistemin bütün cəhətləri canlı, dinamik, həyatla, gerçəklilkə, gündəlik işlə bağlıdır. Heydər Əliyevin varlığını təcəssüm etdirən qısaca xülasədən çıxan nəticə budur ki, xalqın ona bəslədiyi sonsuz məhəbbət dahi bir şəxsiyyətin haqqının qarşılığıdır.
Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ölkənin kənd təsərrüfatı, sənaye, tikinti-abadlıq sferası ildən ilə yüksəlmiş, iqtisadi uğurlar xalqın həyat səviyyəsinə davamlı təsir göstərmişdir.
Bu yubiley günlərində ölkəmizin bütün yaradıcı şəxslərini, ziyalı insanlarını qürurlandıran budur ki, ulu öndərimiz xalqın yüksəlişində iqtisadi, siyasi, sosial münasibətlərlə bir sırada elm və təhsilin, mədəniyyətin, milli şüuru formalaşdıran bütün digər əsas faktorların rolunu az qala bazis səviyyəsində dəyərləndirmiş, məhz bu yanaşma nəticəsində müstəqil dövlətçilik ideyası elmi əsaslar qazanmışdır.
Heydər Əliyevin xalqın müdrik yetirmələrinə sonsuz məhəbbəti Azərbaycana, vətəninə nəhayətsiz sevgisindən qaynaqlanırdı. Heydər Əliyev Azərbaycanın sivil dünya ilə inteqrasiyasına, xalqların iqtisadi, siyasi humanitar yaxınlaşmasına dövlətçiliyi möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri kimi baxırdı və bu zaman dünya ilə dil tapmağın ən sınanmış və optimal yollarından biri olaraq mədəni dəyərlərin qarşılıqlı dərkini və təbliğini əsas götürürdü.
Ulu öndərimiz sahibkarlığın inkişafının sürətləndirilməsinə xüsusi diqqət yetirirdi. Sahibkarlığın inkişafının prioritet istiqamətlərinin reallaşması baxımından mütəmadi olaraq kompleks tədbirlər görülmüşdür ki, bu da sahibkarlıq üçün əlverişli şərait yaratmışdır. Ulu öndərimiz sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsini də daim diqqət mərkəzində saxlayardı.
Heydər Əliyevin mənalı həyatı, böyük xidmətləri və zəngin irsi gələcək nəsillərimizə milli düşüncə məktəbi olmuşdur. Bu gün hər bir Azərbaycan vətəndaşının Heydər Əliyev siyasi məktəbinin yetirməsi və onun layiqli davamçısı olan cənab İlham Əliyevin ətrafında sıx birləşməsi, onun siyasi xəttini müdafiə etməsi təsadüfi deyildir.
Heydər Əliyev mənalı ömür yolunda tarixi şəxsiyyət, böyük dövlət xadimi kimi xalqın tale yükünü çiyinlərində daşımış, onun müstəqilliyə azadlığa və xoşbəxtliyə qovuşması uğrunda fədai mübarizəsi aparmış, doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır sınaqlarından, tufanlarından çıxartmış, dünya tarixində bir lider kimi tanınmışdır.
Ulu öndər Heydər Əliyevin doğum günü ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunur. Əlbəttə, bu günkü asayişə və əmin-amanlığa görə xalq sözün bütün mənalarında ona minnətdardır. Qazandığımız bütün uğurlara görə biz hər birimiz ümummilli liderə borcluyuq, bütün fikir və düşüncələrimiz bu əvəzsiz şəxsiyyətin xatirəsinə sonsuz hörmət və ehtiramın kiçik bir ifadəsidir.