az

25 aprel- Sahibkarlar Günü

2024-05-14

25 aprel tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Gününə” həsr olunmuş “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü mövzusunda” konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov video müraciətlə çıxış edərək, sahibkarları işğaldan azad edilmiş ərazilərdə, sənaye parklarında biznes qurmağa dəvət edib, dövlətin hər zaman sahibkarın yanında olduğunu qeyd etdi. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək qarşıya qoyulmuş hədəflərə nail olunmasında özəl sektordan gözləntilərin böyük olduğunu bildirdi. “Sahibkarlarımız daha fəal təşəbbüskarlıq göstərməklə yanaşı, fəaliyyətini dövlətin artan dəstəyi fonunda korporativ məsuliyyət prinsiplərinə uyğun qurmalı, intizamlılığa daim sadiq qalmalıdırlar. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcək islahatlar, ardıcıl tədbirlər sayəsində Azərbaycanda iqtisadi artım meyilləri daha da intensivləşəcək" deyə qeyd etdi.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev çıxış edərək ölkəmizdə özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin rolu, bu siyasətin Möhtərəm Cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, sahibkarların sosial rifah və məşğulluqda rolu, kiçik və orta biznesin inkişafının prioritetliyi, dövlət-özəl dialoqunun əhəmiyyəti barədə məlumat verdilər. Sonda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.

2002-ci il aprelin 25-də Ulu Öndər Heydər Əliyevin iş adamları ilə keçirdiyi tarixi görüş, sahibkarlığın dəstəklənməsi və ölkədə investisiya mühitinin daha da təkmilləşdirilməsi baxımından keyfiyyətcə yeni mərhələnin təməlini qoymuşdur. Məhz bu səbəbdən də, bu tarix ölkəmizdə “Sahibkarlar Günü” kimi təsis edilib.