az

Lerikdə investisiya imkanlarına dair forum keçirilib

2023-06-21

Lerikdə investisiya imkanlarına dair forum keçirilib

 

İyunun 13-də Lerikdə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə forum keçirilib. Tədbirdə sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri, sahibkarlar iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Lerikdə biznesin inkişafı baxımından potensial sahələr barədə məlumat verib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, rayonlarda sahibkarlığın inkişafı, yeni biznes subyektlərinin yaradılması, özünüməşğulluğun təmin edilməsi Agentlik üçün prioritet məsələlərdəndir. İş qurmaq, biznesini inkişaf etdirmək, dövlət dəstəyi mexanizmlərindən yararlanmaq istəyən sahibkarlar 40-dan çox şəhər və rayonu əhatə edən KOB dostu ofislərinə, KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.

Millət vəkili İqbal Məmmədov regionların investisiya potensialının reallaşdırılması tədbirləri barədə fikirlərini bölüşüb.

“Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov forumun Lerikdə təşkil edilməsini təqdirəlayiq addım kimi dəyərləndirib: “Bir müddətdir ki, millət vəkili, akademik Ziyad Səmədzadə ilə birlikdə Lerik rayonunun kompleks inkişafı planı üzərində çalışırıq. 70 kənddən 30-nun analiz və qiymətləndirilməsi nəticəsində belə qənaətə gəlmişik ki, bəzi ciddi problemlər mövcuddur. Forumda qeyd olundu ki, rayonun ən yüksəklikdə yerləşən ərazilərindən olan Zuvandda yetişdirilən kartof artıq brendə çevrilib. Amma təəssüf ki, su problemi üzündən Zuvanddan köçənlərin sayı artıb. Bunun qarşısını almaq məqsədilə kompleks inkişaf planında ərazidəki 2 təpə arasında çayın qarşısını almaq üçün böyük bəndin layihəsini hazırlamışıq. Layihə reallaşarsa, Zuvand kəndlərinin su ehtiyacı təmin olunar və bölgə qısa zamanda sürətlə inkişaf edər.

Digər problem, Lerikin möhtəşəm turizm potensialının tam istifadə olunmaması, faydalı qazıntılarının səmərəsiz istismarı ilə bağlıdır. Belə ki, Lerik ölkənin kənd təsərrüfatı bölgəsi kimi məşhurdur. Rayonda hələ SSRİ vaxtından örüş torpağı kimi qeydiyyata alınan, lakin otlaq sahəsi olmayan, indisə sənaye kateqoriyasına keçirilməsi problemə çevrilən xeyli ərazilər var. Əminliklə bildirirəm ki, sahibkarın bu problemi təkbaşına həll edəcək gücü yoxdur. Çünki kateqoriya dəyişikliyi bir neçə nazirliyin, qurumun müvafiq rəyinə və təsdiqinə əsaslanır.  Lerikdə həllini gözləyən belə məsələlər az deyil. Mən illər öncə Bürsülüm kəndində su zavodu inşa etmək üçün lisenziya almışam. Amma ərazidə yol infrastrukturu olmadığından tikintiyə başlamaq olmur. Bu problemi dəfələrlə rayonun keçmiş icra başçılarının diqqətinə çatdıraraq, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həllini tapmasını rica etsək də, vəziyyət müsbətə doğru dəyişməyib. Halbuki bu zavod reallaşarsa, qonşuluqdakı 6-7 kəndin gəncləri də sərfəli işlə təmin ediləcək.

Daha bir önəmli məsələni diqqətinizə çatdırmaq istərdim. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən qurulan “Mineral Daş Yunu Kompleksi” olduqca masştablı və perspektivli layihədir. Xammalın əldə olunması üçün seçdiyimiz rayonlar arasında mürəkkəb relyefinə baxmayaraq, Lerikə üstünlük veririk. Bu isə rayonda ən azı 100 nəfərlik iş yeri imkanı yaradır. Lakin ərazidəki kənd təsərrüfatı təyinatlı torpağın kateqoriyası dəyişilməzsə, biz bu hədəfə necə çatacağıq?

Odur ki, rayonda belə masştabda forumların təşkil edilməsi, rəylərimizin nəzərə alınması problemlərin sürətli həlli, rayonda sahibkarlığın inkişafı, Lerikin tərəqqisi baxımından faydalı olacaq. Bu baxımdan KOBİA-nın sədri Orxan Məmmədova forumun Lerikdə  keçirilməsi təşəbbüsünə görə təşəkkür edirəm“.

Forumda KOBİA-nın, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Məşğulluq Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun və Dövlət Turizm Agentliyinin nümayəndələri “Lerikdə investisiya imkanları: mövcud potensial və perspektivlər” mövzusunda təqdimatlarla çıxış edərək, sahibkarları maraqlandıran sualları cavablandırıblar. KOBİA-nın fəaliyyətinə və Lerik rayonunun kənd icmalarının fəaliyyətinin qiymətləndirilməsi qaydalarına dair videoçarxlar maraqla izlənilib.