“Mətanət A” Şirkətinin Ağdağ Gips zavodunda 7 iyun tarixində Azərbaycan Respublikası Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, “Mətanət A” Şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov və şirkətin əməkdaşlarının iştirakı ilə Qurtuluş günü ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edən qonaqlar, Qurtuluş günündən ölkəmizin müstəqillik tarixində önəmli dövrün başlaması haqqında bəhs ediblər. “Ağdağ” gips zavodunun icraçı direktoru Alim Bayramov məlumat verərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə Qayıdışı ilə ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi və mənəvi sahələrdə olan böhran aradan qaldırıldı və hər bir sahədə olduğu kimi iqtisadi sahədə və özəl sahibkarlıq sahəsində də inkişaf başlandı. Kollektivimiz üçün unudulmaz və fərəhli anlar yaşandı. Belə ki, 2002-ci ildə Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə Qafqazda ilk müassir tipli və ixrac yönümlü gips zavodu olan “AĞDAĞ” Gips Zavodunun təməli qoyulmuşdur. Zavod 2007-ci ilin əvvəllərində tam gücü ilə məhsul istehsalına başlamışdır. 2016-cı ilin yanvarın 30-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Qaradağ rayonunda "Mətanət-A" şirkətinin “Yeni Ağdağ “ gips zavodunun açılışı olmuşdur. Zavod qabaqcıl alman texnologiyasına əsaslanır, istehsal prosesi rəqəmsal texnologiya ilə avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə total nəzarət həyata keçirilir.
Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadə ümummilli lider Heydər Əliyevin istər Sovetlər dövründə, istərsə də müstəqillik illərində gördüyü böyük və qlobal layihələrdən, neft və qaz strategiyasından, azad sahibkarlıq mühiti və bazar iqtisadiyyatının formalaşması üçün çəkdiyi zəhmətdən və gördüyü böyük işlərdən danışıb. O bildirib: ”Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bugünkü müasir, azad və demokratik, güclü Azərbaycan Respublikası olmayacaqdı. Mən taleyimdən çox razıyam ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında işləmişəm və onun tapşırığı ilə bir çox qlobal layihələrin həyata keçirilməsində iştirak etmişəm”. Heydər Əliyevin rəhbərliyi altında biz haradan-haraya gəlmişik, dünyanın ən qabaqçıl ölkələrindən birinə çevrilmişik”.
O qeyd edib ki, bu gün Azərbaycanda azad iqtisadi rəqabət mühiti və sahibkarlıq mühiti var. Belə müəssisələr Azərbaycanda nə qədər çox olarsa, xalqımız bir o qədər yaxşı yaşayar.
“Mətanət-A” Şirkətinin Müşahidə Şurasının sədri, zavodun təsisçisi Elxan Bəşirov öz çıxışında Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışını zəruri edən səbəblərdən danışıb. O bildirib ki, 1993-cü ildə ölkəmizdə Vətəndaş müharibəsi başlamışdı, torpaqlarımız qarış-qarış, rayon-rayon işğal olunurdu. Xalq ümidsiz halda idi. Ulu Öndərin Bakıya gəlişi, həmin vaxtlar öz şəxsi həyatını risk altında qoyaraq Gəncəyə getməsi, sonra isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilərək hakimiyyətə qayıdışı ilə xalq və Azərbaycan dövləti sözün əsl mənasında məhv olmaqdan xilas olmuşdur.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı zaman ölkəmizdə baş verən ictimai-siyasi prosesləri bir daha təhlil edərək o vaxt baş verən hadisələri xatırladıb və Azərbaycan xalqının nələrdən və kimlərdən, hansı bəlalardan xilas olduğunu, qurtulduğunu toplantı iştirakçılarına xatırladıb. O, dəlil və sübutlarla bugünkü Azərbaycan Respublikasının inkişafında Heydər Əliyevin göstərdiyi misilsiz tarixi xidmətlərdən danışıb.
Sonda Qafar Əliyev “əgər Azərbaycan xalqı müdriklik göstərib 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsini tələb etməsəydi, bugünkü bütün qələbələr, o cümlədən də 44 günlük Vətən müharibəsində qələbə əldə edilməyəcək, torpaqlarımız işğaldan azad edilməyəcəkdi.
1991-ci ildə ölkə vətəndaş müharibəsi ərəfəsindəydi və Azərbaycan dövlətçiliyi labüd süqutla üzləşmişdi. Xalq bu çətin və kritik vəziyyətdən çıxış yolunu ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü. Xalq Ulu Öndəri israrla, təkidlə hakimiyyətə çağırdı. Həmişə xalqa arxalanan, ona dayaq olan Heydər Əliyev xalqın dövlətçiliyi qorumaq istəyini yerinə yetirdi, iyunun 9-da Naxçıvandan Bakıya gəldi.
Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası oldu. Xalqımız Heydər Əliyev kimi dahi şəxsiyyətlə fəxr edir və qürur duyur.
Tədbir iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.