Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilib
2022-04-25
Aprelin 25-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda Konfrans keçirilib. Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Əvvəlcə Konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.
Konfrans öz işinə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Sonra ölkəmizdə özəl sektorun inkişafı üçün həyata keçirilən tədbirlərə və əldə edilmiş uğurlara həsr olunmuş film nümayiş edilib.
Sahibkarları təbrik edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda sahibkarlığın keçdiyi inkişaf yolu, özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin misilsiz rolunu, qlobal çağırışlar fonunda bu siyasətin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri inkişaf etdirilir. Vurğulanıb ki, iqtisadi tərəqqi bütün sahələrin inkişafını, eləcə də ordumuzun güclənməsini şərtləndirir. Bu baxımdan, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə edilmiş şanlı qələbədə sahibkarların da xüsusi töhfəsi vardır.
Konfransda Əmək və əhalinin sosal müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev sahibkarlığın inkişafında dövlət dəstəyinin mexanizmləri barədə çıxış ediblər.
Konfransda çıxış edən “Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları və İnşaatçılar Assosiasiyasının rəhbəri Elxan Bəşirov Ümumilli Lider Heydər Əliyevin sahibkarlarla görüşləri, verdiyi tapşırıq və tövsiyələr, o cümlədən 2002-ci ilin 25 aprel tarixində sahibkarların Ulu Öndərlə görüşü barədə təəssüratlarını, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə çıxış etmişdir.
Konfransın sonunda Möhtərəm Prezident cənab İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olundu.
Daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz: