Sentyabr ayının 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi.
Amal bir idi. Qarabağ Azərbaycandır! Bu amala çatmaq üçün Ali Baş Komandanın rəhbərliyi altında döyüş meydanında, diplomatiyada və Kütləvi İnformasiya Vasitələrində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı, xalqımızın bütün təbəqələri, eləcə də sahibkarlar da orduya dəstək olmaqla böyük səy və əzmlə çalışdı.
“Mətanət A” Şirkətlər Qrupu da bu birliyin mühüm bir parçasına çevrildi. 44 günlük Vətən müharibəsi dövründə Şirkətlər Qrupunun 35 nəfər əməkdaşı könüllü şəkildə ordu sıralarına qoşuldu və 1 dəyərli əməkdaşı isə torpaqlarımızın azadlığı uğrunda şəhid oldu. Özəl sektorun bütün nümayəndələri kimi “Mətanət A” Şirkətlər Qrupu da müharibə günlərində həm ön, həm də arxa cəbhəyə lazımi dəstək göstərdi.
Vətən müharibəsi iştirakçıları, qazi və şəhidlərimizin xatirəsini əziz tutan və onlara daima xüsusi diqqət və qayğı ilə yanaşan Şirkətlər Qrupu Vətən müharibəsi bitdikdən sonra da bu istiqamətdə faəliyyətini davam etdirib.
Şəhidlərin əziz xatirəsinin yad edilməsi və qəhrəman şəhidlərimizin ictimaiyyətə tanıdılması istiqamətində “Mətanət A” Şirkətlər Qrupunun dəstəyi ilə “Əbədiyyət Yolçuları” adlı kitabı nəşr edilib. Həm birinci Qarabağ, həm də Vətən Müharibəsi şəhidlərinin keçdiyi döyüş yolu haqqında məlumatlar əks olunan kitab 7 -ci Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunub.
Müharibənin bitməsi həm də işğaldan azad olunmuş torpaqlarımız üçün yeni reallıqlar və yeni fəaliyyət sahələrinin istifadəsinə zəmin yaradıb. Bu gün həm dövlət və həm özəl sektor olaraq həmrəy olub işğaldan azad olunmuş ərazilərin bərpası, yeni tikinti quruculuq işlərinin başlanması və o cümlədən elm, mədəniyyət və cənnət guşəmiz olan Qarabağı soydaşlarımızın yaşaması üçün əlverişli vəziyyətə gətirmək üçün birləşməliyik .
Milli iqtisadiyyatımızın inkişafına töhfə vermək isə fəaliyyətimizin təməl prinsipidir. Xüsusilə cəbhəyanı ərazilərdə yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, sosial- iqtisadi rifahının yüksəldilməsi üçün üzərimizə düşən öhdəlikləri fəxrlə yerinə yetirməkdəyik. İşğaldan azad edilmiş ərazilərdə investisiya qoyuluşunun həyata keçirilməsi istiqəmətində edilən çağırışlara “Mətanət A” Şirkətlər Qrupu da qoşulub və həmin ərazilərin iqtisadi və investisiya potensialının artırılması məqsədilə Qarabağda yeni zavodların tikilməsi planlanlaşdırılıb. Artıq bu barədə müvafiq dövlət qurumlarına müraciətlər edilib. Ərazilər müəyyən edildikdən sonra Şirkətlər Qrupu iki il ərzində iki yeni zavodunun tikintisini başa çatdırmaq niyyətindədir. İnanırıq ki, ölkəmizin bütün bölgələrində uğurla davam edən iqtisadi inkişafa bu zavodlarımızda çalışacaq insanlar sayəsində Qarabağda da yeni-yeni uğurlar əlavə edəcəyik.
“Milli İqtisadiyyatın İnkişafına töhvə veririk” şüarı ilə işğaldan azad olunmuş rayonlarımızda açılacaq zavodlar həm ölkəmizin iqtisadi yüksəlişində mühüm paya, həm də öz doğma yurd yuvalarına qayıtmış insanlar üçün məşğulluq mərkəzinə çevriləcək və sosial rifahın yaxşılaşdırılması üçün əlverişli şərait yaradacaq.
Bu qələbəni qətiyyəti, siyasi iradəsi sayəsində bizə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə dərin təşəkkürümüzü bildirir, Vətən uğrunda canından keçən rəşadətli əsgər, zabitlərimizə və bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyir, Azərbaycan xalqını Şanlı Zəfər Günü münasibəti ilə ürəkdən təbrik edirik!
“Mətanət A” Şirkətlər Qrupu