Oktyabrın 27-də Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başlayıb. İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilən tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nazirləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startapçılar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak edib. Tədbirdə “Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının Sədri Elxan Bəşirov da iştirak edib.
Sammitin açılışında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri ortaq mədəni və dini dəyərlərin birləşdirdiyini, ölkəmizin təşkilatda üzvlüyə böyük önəm verdiyini vurğulayıb. Ötən illər ərzində təşkilat çərçivəsində Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasəti ciddi şəkildə qınanıb, ölkəmizin haqlı mövqeyini müdafiə edən qətnamələr qəbul edilib. İslam Əməkdaşlıq Təşkilatı təkcə siyasi yox, həm də müsəlman ölkələri arasında iqtisadi-ticarət, investisiya, humanitar, elmi-texniki əməkdaşlığı təşviq edir. Bildirilib ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti təşkilata üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın, o cümlədən Qarabağ və Şərqi Zəngəzur regionlarının investisiya potensialının tanıdılması baxımından əlverişli platformadır.
Sammitin ilk günü “Qarabağa investisiya qoyuluşu: perspektivlər”, “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri: çağırışlar və imkanlar” və “PostCOVİD dövründə iqtisadiyyatın bərpası üçün güclü startap ekosistemi” mövzularında panel müzakirələr təşkil olunub. Azərbaycan və İƏT ölkələrindən dövlət rəsmilərinin, iş adamlarının və startapçıların iştirakı ilə keçirilmiş panellərdə mövzu ətrafında çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sammit iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanan “Qarabağa investisiya qoyuluşu: perspektivlər” mövzusunda paneldə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi və investisiya potensialı, 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən dağıdılmış və talan olunmuş ərazilərimizdəki vəziyyət, eləcə də hazırda Azərbaycan dövləti tərəfindən bu ərazilərdə həyata keçirilən quruculuq və bərpa işləri diqqətə çatdırılıb.
Qeyd edək ki, “Mətanət A” Şirkətlər Qrupu da bu çağırışlara qoşularaq işğaldan azad edilmiş ərazilərin iqtisadi və investisiya potensialının artırılması məqsədilə Qarabağda yeni zavodların tikilməsini planlayıb. Şirkət artıq bu barədə müvafiq dövlət qurumlarına müraciət edib. Ərazilər müəyyən edildikdən sonra Şirkətlər Qrupu iki il ərzində iki yeni zavodunun tikintisini başa çatdırmaq niyyətindədir.