Korporativ sosial məsuliyyətin və həmrəyliyin təmin edilməsi istiqamətində daim müxtəlif layihələr həyata keçirən “Mətanət A” şirkəti Müqəddəs Ramazan ayı boyunca da bu fəaliyyətini davam etdirir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron rayon bölməsinin üzvlərinin iştirakı ilə keçirilən növbəti layihə uğurla başa çatıb.
Tədbirdə çıxış edən şirkət nümayəndəsi dövlət siyasətinin davamı olaraq “Mətanət A” şirkətinin sosial layihələrin həyata keçirilməsini korporativ vətəndaşlıq borcu hesab etdiyini bildirib.
Abşeron Gözdən Əlillər Cəmiyyətinin sədri Temir Balayev və Abşeron rayon Qızıl Aypara Cəmiyyətinin sədr müavini Əliabbas Nağıyev çıxış edərək yaradılmış bu şəraitə, göstərilən daimi diqqətə görə “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirova və kollektivinə dərin təşəkkürlərini bildirib, həmçinin bu cür tədbirin bir ənənə halı aldığını və şirkətin sosial fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıblar.
Daha sonra bütün qonaqlara bayram sovqatları təqdim olunub və tədbir musiqi proqramı ilə davam etdirilib. Şirkət gələcəkdə də bu şərəfli missiyanı davam etdirmək niyyətindədir.
Qafqazda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.