27 sentyabr tarixi xalqımız və ölkəmiz üçün tarixin mühüm və növbəti uğurlarının başlanğıcı kimi yaddaşlarda qaldı. 30 ildir Beynəlxalq müstəvidə haqq səsini eşitdirməyə çalışan Azərbaycan bu yoldan dönmədiyini və haqq səsini haqq savaşı ilə əvəzləməklə tarixi qalibiyyətinə nail oldu.
Məhz bu tarixdən başlayaraq vəzifəsindən, sosial və siyasi kimliyindən asılı olmayaraq bütöv xalq olaraq həmrəyliyimizi nümayiş etdirməyə başladıq. Məhz bu tarixdən neçə-neçə igid oğullarımız haqq savaşında şücaət göstərərək, şəhid və qazi kimi ali ünvanlara sahib olmuşlar.
Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi.
Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı. Bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı. Bu tarixi qələbə 1 milyondan çox Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu.
“Mətanət A” şirkətlər Qrupu da Vətən müharibəsi dönəmində arxa cəbhəyə, həm də ön cəbhəyə var gücü ilə dəstək göstərib.
Belə ki, 35 nəfər əməkdaşımız könüllü şəkildə ordu sıralarına qoşulmuş və 1 dəyərli əməkdaşımız torpaqlarımızın azadlığı uğrunda ŞƏHİD olub.
“Mətanət A” Şirkətlər Qrupu Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə və texniki tərəfdən öz dəstəyini göstərib. Qarabağımızın dirçəldilməsi istiqamətində şirkət olaraq dəstəyimizi və həmrəyliyimizi nümayiş etdirməyə bundan sonra da hazırıq.
İndi də ənənələrimizə sadiq qalaraq yeni zavod tikib istehsala başlamağı işğaldan azad olan ərazilərdə də həyata keçirməyi planlaşdırırıq.
İnanırıq ki, ölkəmizin bütün bölgələrində uğurla davam edən iqtisadi inkişafa bu zavodlarımızda çalışacaq insanlar sayəsində Qarabağda da yeni-yeni uğurlar əlavə edəcəyik “Milli İqtisadiyyatın İnkişafına töhvə veririk” şüarı ilə işğaldan azad olmuş rayonlarımızda açılacaq zavodlar həm ölkəmizin iqtisadi yüksəlişində mühüm paya, həm də öz doğma yurd yuvalarına qayıtmış insanlar üçün məşğulluq mərkəzinə çevrilməklə sosial rifahın yaxşılaşdırılması üçün əlverişli şərait yaradacaq.
Bizi qarşıda daha böyük işlər gözləyir. Biz sahibkarlar bundan sonra da əzm və iradə ilə çalışmalı, daha güclü Azərbaycan naminə milli iqtisadiyyatımızın inkişafına öz tövhəmizi verməliyik.
Cənab Prezident İlham Əliyevin sərancamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd ediləcəkdir.
Anım Günü ilə əlaqədar olaraq şirkətimizin əməkdaşları ilə birgə Şəhidlərimizi dərin hüznlə anır və Allahdan hər bir şəhidimizə rəhmət diləyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
“Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri
Elxan Bəşirov.