15 sentyabr Azərbaycanda bilik günü kimi qeyd olunur. Bu gün Azərbaycanın bütün bölgələrində yeni tədris ilinin zəngi çalındı, məktəblər şagird və tələbələrin üzünə açıq elan olundu. Daima elmə, biliyə yüksək qiymət vermiş xalqımız övladlarının oxuyaraq savad qazanması üçün əllərindən gələni əsirgəməmişdir. Bu baxımdan “Mətanət A” şirkətinin əməkdaşları aztəminatlı, qaçqın və məcburi köçkün ailələrinə yardım etmək, daima onların yanında olduğunu göstərmək məqsədi ilə ilk tədris günündə Abşeron rayonunda yerləşən məcburi köçkünlər üçün tikilmiş məktəbdə oldular.
İqtisadiyyatın sürətlə inkişaf etməsi, əhalinin rifahının stabil yaxşılaşması təhsilli gənclərdən keçir. Daima gənclərimizin təhsilinə önəm verən “Mətanət A” şirkəti ilk tədris günündə qaçqın və məcburi köçkün övladlarını sevindirərək, onları məktəb ləvazimatları ilə təmin etdi. Dərs otaqlarında şagirdlərlə görüş keçirən şirkət nümayəndələri onları Bilik Günü münasibəti ilə təbrik etdi, dərslərində uğur arzuladı. Dövlətə layiqli vətəndaş olmaq üçün elm və təhsilin vacibliyi vurğulandı.
Daha sonra “Mətanət A” şirkətinin təşkilatçılığı ilə tanınmış şair, nasir və uşaq ədəbiyyatını tədqiq edən görkəmli alim Zahid Xəlil şagirdlərlə görüşdü. “Mətanət A” şirkəti tərəfindən şagirdlərə yazıçı-şairin ən son çapdan çıxmış kitabı hədiyyə edildi. Çıxış edən Zahid Xəlil belə bir sosial tədbirin təşkilinə görə “Mətanət A” şirkətinə təşəkkürünü bildirdi, şagirdlərə yeni tədris ilində uğur arzuladı. Daha sonra məktəbdə şairin imza günü keçirildi.
Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində hər zaman cəmiyyətin aztəminatlı, qaçqın və məcburi köçkün, əlil və şəhid ailələrinə yardım etməklə öz korporativ vətəndaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu işləri daha əzmlə davam etdirəcəkdir.
Qeyd edək ki, “Mətanət A” şirkəti 3 sistemdə, 22 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Şirkət “Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir.