az

"Mətanət A" şirkətində ümummilli lider Heydər Əliyevin anadan olması ilə bağlı tədbir keçirildi

2015-05-10

Müasir Azərbaycan tarixinə nəzər yetirdikdə, Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin, əvəzolunmaz işlərinin şahidi olmaqdayıq. Hələ ötən ərsin 60-cı illərində siyasi hakimiyyətə gələn Heydər Əliyev müasir Azərbaycanın inkişafının təməlini elə o vaxtdan qoymuşdu. İstər siyasi, istər iqtisadi, istərsə də sosial təminat bazasının formalaşdırılmasında qətiyyətli addımlar atan Ümummilli Lider, bugünkü müasir Azərbaycanın sürətli inkişafında, ölkəmizin dünya arenasında tanınmasında müstəsna xidmətlər göstərmişdir. 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində milli iqtisadiyyatımızın inkişafında yeni səhifələr açılmağa başlandı. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar, münbit iqtisadi mühit, iş adamları üçün yaradılmış şərait bir çox yerli şirkət və müəssisələrin yaranması üçün zəmin formalaşdırdı.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olması münasibəti ilə “Mətanət A” şirkətində də yubiley tədbiri keçirilmişdir. Ulu öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edən şirkət rəhbərliyi və kollektivi, Ümummilli Liderin məzarı üstünə əklil və çiçəklər qoymuş, ruhuna dualar oxumuşdur.

Daha sonra tədbir şikətin inzibati binasında davam etdirilmişdir. Tədbiri çıxış nitqi ilə açan “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov Ümummilli Liderin həyat yolundan danışmış, dahi şəxsiyyətin Azərbaycan üçün həyata keçirdiyi və bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, sosial, iqtisadi layihələrdən söz açmışdır. Heydər Əliyevin vətənə, xalqa, Azərbaycana bağlılığından, xalq üçün, millət üçün həyata keçirdiyi işlərdən danışan şirkətin rəhbəri, onun milli iqtisadiyyatımıza, sahibkarlara olan diqqətindən də danışdı.

Tədbirdə iştirak edən digər əməkdaşlar da Ulu öndərin xalqına həsr etdiyi şərəfli ömr yolu haqqında, Heydər Əliyev dühası, onun fenomenal dünya görüşü, hadisələrə yanaşma tərzindən və böyük idarəçilik qabiliyyətindən danışdılar. Tədbir Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında bəhs edən filmin nümayişi ilə başa çatdı.