az

“Mətanət A” Şirkətlər Qrupu İşgüzar Əməkdaşlıq İmkanlarına dair Azərbaycan-İraq Dəyirmi Masada təmsil olunub.

2021-09-28

Sentyabrın 28-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, İraq Ticarət Palataları Federasiyasının dəstəyi ilə işgüzar əməkdaşlıq imkanlarına dair Azərbaycan-İraq Dəyirmi Masası keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslər, sənaye, kənd təsərrüfatı, qida, əczaçılıq, tikinti, turizm və logistika sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər. Dəyirmi Masada “Mətanət A” Şirkətlər Qrupu da təmsil olunub.

 Dəyirmi Masadakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-İraq iqtisadi əməkdaşlığının inkişaf etdiyini, bu istiqamətdə xüsusilə kiçik və orta sahibkarların əməkdaşlığa cəlb edilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. Qeyd edilib ki, Agentlik Azərbaycan və İraq arasında işgüzar əməkdaşlığın genişləndirilməsi üçün birgə platformanın yaradılmasını dəstəkləməyə hazırdır. KOBİA-nın fəaliyyəti barədə məlumat verən Orxan Məmmədov Agentliyin ölkəmizdə biznes fəaliyyəti qurmaq istəyən İraq iş adamlarına müvafiq qurumlarla əlaqələndirmə, etibarlı yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə biləcəyini diqqətə çatdırıb, sahibkarları dəyirmi masa çərçivəsində fəal müzakirələrə dəvət edib.

 Tədbirdə çıxış  “Mətanət A” Şirkətlər Qrupunun nümayəndəsi Səbinə Əkbərova bildirib ki, şirkət olaraq  Azərbaycan-İraq iqtisadi əməkdaşlığının gücləndirilməsi üçün öz töhfəmizi verməyə hazırıq: “Müəssisəmiz dəstəyini həmin ölkəyə məhsul idxal etməklə, eləcə də İraqda zavodlar tikməklə həyata keçirə bilər”.

 Azərbaycan və İraq iş adamları, sənaye parkları və biznes assosiasiyaların nümayəndələri fəaliyyətləri barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıblar.

 Dəyirmi Masa çərçivəsində KOBİA və İraq Ticarət Palataları Federasiyası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Tədbir zamanı həmçinin, Azərbaycanın Ticarət və Sənaye Palatası və İraq Ticarət Palataları Federasiyası arasında əməkdaşlığa dair Saziş imzalanıb.